20 avqust tarixində 125 saylı Zəngilan – Qubadlı Seçki Dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 15 nömrəli tam orta məktəbinin qarşısında seçiciləri ilə görüşü keçirilib. Görüşdə Zəngilan və Qubadlı rayonlarından olan və həmin ərazidə müvəqqəti məskunlaşan seçicilər iştirak edib.
Seçicilər qarşısında çıxış edən N.Ələsgərova deputatlığa namizəd kimi el-obasının mərd insanları ilə görüşdən şad olduğunu bildirib. Həyat yolu barədə seçicilərinə məlumat verən namizəd deputatlıq iddiasının el-obaya xidmət etmək arzusundan qaynaqlandığını vurğulayıb. N.Ələsgərova bildirib ki, onu bu seçkilərdə iştiraka həvəsləndirən amil bütövləşmiş Azərbaycanın parlamentində təmsil olunmağın qürurunu yaşamaq, eyni zamanda azad olunmuş yurdlara qayıdan və qayıdacaq el-obasının yanında olmaq, onlara hayan durmaq, problemlərinin həllinə yardım etmək, onların dərdlərinə əlac etmək, köməklik göstərmək istəyidir.
Deputatlığa namizəd Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən hələ müharibədən əvvəl başlanan, indi də tam sürətlə davam edən genişmiqyaslı uğurlu islahatların əhəmiyyətindən danışıb.
Nigar xanım Birinci vitse-prezidentin həm torpaqlarımızın azad olunması, həm də aparılan islahatlarla bağlı müstəsna xidmətlərindən ətraflı bəhs edib.
Görüşdə seçki platforması barədə məlumat verən deputatlığa namizəd seçiləcəyi təqdirdə seçicilərilə dövləti arasında etibarlı körpü olacağını, onları narahat edən məsələləri diqqətdə saxlayacağını, var qüvvəsilə problemlərin həllinə çalışacağını bildirib.
N.Ələsgərovanın seçiciləri ilə görüşündə çıxış edən İkinci Qarabağ savaşının şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, antiterror əməliyyatları zamanı şəhid olan Zamin Abbasovun anası Sevda Abbasova deputatlığa namizədə uğurlar arzulayıblar. Qeyd ediblər ki, ictimai fəaliyyətindən və məcburi köçkünlər üçün həyata keçirdiyi layihələrdən tanıdıqları N.Ələsgərovaya etibar edir və 1 sentyabrda keçiriləcək seşkilərdə öz dəstəklərini səsləri ilə ifadə edəcəklər.
Görüşdən sonra seçicilərlə söhbətlər səmimi şəraitdə davam etdirilib.