Hörmətli seçicilərim, əziz yurddaşlarım!

Mən, Ələsgərova Nigar Elman qızı, əldə etdiyim bilik və bacarıqlar, zəngin iş təcrübəsi, çoxsaylı əlaqələrimi sizin və dövlətimizin inkişafına istifadə etmək məqsədilə 1 sentyabr 2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürmüşəm. Sizə təqdim etdiyim bu seçki platforması, müxtəlif sahələrdə müşahidə etdiyim problem və boşluqların aradan qaldırılması üçün nəzərdə tutulmuş plan və məqsədlərimin bir hissəsini əks etdirir.

Parlamentdə seçicilərimlə dövlətim arasında dayanıqlı və etibarlı körpü olacağam!

– Seçicilərin problemlərini ali qanunverici orqan səviyyəsində qaldıracaq, onları narahat edən problemlərin həllinə nail olacağam;

– Seçicilərimi narahat edən məsələlərin qanunlarda əks olunmasına çalışacağam;

– Seçicilərimin problemlərini yaxından, birbaşa öyrənmək üçün onlarla mütəmadi görüşlər keçirəcəyəm. Hər bir seçicinin mənimlə həm daimi fəaliyyət göstərən qərargahım vasitəsilə, həm “Qaynar xətt”, həm  də virtual platformalar üzərindən birbaşa əlaqə saxlamaq imkanı olacaq.

Zəngilan-Qubadlı seçki dairəsi hüdudları şərçivəsində seçiclərimin rifahı əsas məsələm olacaq!

– İlk işim bölgənin hərtərəfli inkişafı, sakinlərin rifahının daha da yaxşılaşdırılmasına dəstək məqsədilə xüsusi Fond  yaradılmasına çalışacağam;

– Seçicilərimin – həmyerlilərimin azad olunmuş ata-baba yurdlarımıza rahat qayıdışının təmin olunması, qayğısız və problemsiz həyat yaşamaları üçün var qüvvəmi sərf edəcəyəm;

– Həmin ərazidə əhalinin, xüsusilə gənc nəslin daimi işlə təmin olunması üçün həm dövlət qurumları ilə əməkdaşlıq edəcək, həm də beynəlxalq əlaqələrimdən istifadə edərək investorların bölgəyə sərmayə qoymasına nail olacağam;

– Bölgənin inkişaf etdirilməsi üçün müxtəlif səpkili iqtisadi və sosial layihələr reallaşdırılmasına çalışacağam;

– Biznes qabiliyyəti olan seçicilərim üçün iş fürsətlərinin yaradılmasına çalışacağam. Bunun üçün əvvəlki təcrübəmə dayanaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sıx əməkdaşlıq şəraitində mükəmməl layihələr həyata keçirəcəyəm;

– Azərbaycanın qədim-qayım torpaqları olan Zəngilan və Qubadlının tarixi abidələrinin bərpası və dünyada tanıdılması, görkəmli şəxsiyyətlərinin təbliği üçün layihələr həyata keçirəcəyəm;

– Qayıdışla bağlı mövcud narahatçılıqlar öyrəniləcək, həlli istiqamətində müvafiq addımlar atılacaq.

Şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının qayğıları daim nəzarətimdə olacaq.

– Bu kateqoriyadan olan insanların problemləri mütəmadi öyrəniləcək, aidiyyəti qurumlara çatdırılacaq, həllinə nail olunacaq;

– Təsərrüfatla məşğul olmaq istəyən şəhid ailələri, qazilərimizin və müharibə iştirakçılarının pay torpaqları ilə təmin olunmasına, onlar üçün müvafiq qurumlardan hərtərəfli zəruri dəstəyin alınmasına çalışacağam;

– Maddi yardıma, müalicəyə ehtiyacı olan şəhid ailələri, qazilərimizin və müharibə iştirakçılarının sözügedən problemləri həll olunacaq.

Təhsil məsələləri diqqətdə saxlanılacaq!

– Gənclərimizin ali məktəblərə qəbulu üçün güzəştli hazırlıq kursları təşkil olunacaq;

– İstedadlı gənclərin xaricdəki nüfuzlu universitetlərdə təqaüdlü  təhsil almaları üçün çalışacağam;

– Zəngilan və Qubadlı rayonlarında peşə liseylərinin açılmasına çalışacağam;

– Aztəminatlı ailələrin məktəb yaşlı uşaqlarının zəruri ehtiyacları ödənəcək, şagirdlər məktəb ləvazimatları, geyimlə təmin olunacaq;

– Uşaqları və yeniyetmələri təhsilə həvəsləndirmək üçün müxtəlif layihələr həyata keçirəcəyəm.

Qadınların və uşaqların hüquqlarının müdafiəsi təmin olunacaq!

– Zorakılıqla üzləşən qadınlara və uşaqlara pulsuz hüquqi və psixoloji yardım göstəriləcək, onlar müvafiq ictimai təşkilatlar və dövlət qurumları tərəfindən himayəyə götürüləcək; 

– Ailədaxili zorakılığın qarşısının alınması məqsədilə maarifləndimə işi aparılacaq, bu tip ailələr daimi nəzarətdə saxlanacaq.

Scroll to Top