125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın seçicilərlə görüşü davam edir.
N.Ələsgərova Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində, daha sonra isə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məskunlaşan seçiciləri ilə “qapı-qapı” və ümumi görüşlər keçirib.
Seçiciləri ilə səmimi söhbət edən deputatlığa namizəd bölgə əhalisinin problemlərinin ona tanış olduğunu bildirib. Qeyd edib ki, seçicilərin problemlərini yaxından, birbaşa öyrənmək üçün onlarla görüşlər mütəmadi davam etdiriləcək.
N.Ələsgərova qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, hər bir seçici ilə həm daimi fəaliyyət göstərən qərargahı vasitəsilə, həm “Qaynar xətt”, həm də virtual platformalar üzərindən birbaşa əlaqə saxlayacaq.
“Bölgənin hərtərəfli inkişafına dəstək olmaq, sakinlərin rifahını daha da yaxşılaşdırmaq üçün sahibkarların iştirakı ilə Fond təsis etmək niyyətindəyik. Bu Fond vasitəsilə qarşılaşacağımız problemləri asanlıqla həll edəcəyimizi düşünürəm”, – deyə N.Ələsgərova bildirib.
Deputatlığa namizəd görüşlərdə Zəngilan-Qubadlı seçki dairəsi hüdudları çərçivəsində yaşayan seçiclərinin rifahının seçki platformasının əsas qayəsini təşkil etdiyini bildirib.
Görüşdə çıxış edən seçicilər N.Ələsgərovanı da çox ictimai fəal kimi tanıdıqlarını və 1 sentyabr seçkilərində yalnız ona etimad göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, onlar nəhayət ki, əlçatan, işgörən və seçicisinə qayğı göstərən millət vəkillərinin olmasını arzu edirlər.