Nigar Ələsgərova 14 ailənin yaşadığı kənddə də görüş keçirdi

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Nigar Ələsgərova növbəti görüşünü çox az sayda seçicisinin müvəqqəti məskunlaşdığı Xızı rayonunun Sitalçay kəndində keçirib. Cəmi 14 məcburi köçkün ailəsinin yaşadığı kənddə seçicilərin sayının az olmasına baxmayaraq, deputatlığa namizəd həmyerliləri ilə görməyi özünə borc bilib. N.Ələsgərova “MM üzvü seçilərəmsə, hər bir seçicinin, fərdin deputatı olacağam” devizini gələcək fəaliyyəti üçün əsas prinsip olaraq müəyyən edib.

Kənddəki azsaylı seçicilərlə çox səmimi şəraitdə keçən görüşdə də deputatlığa namziəd söhbətinə elə bu devizlə başlayıb. Namizəd seçicilərin problemləri ilə maraqlanıb, şəxsi həyatı və fəaliyyəti barədə məlumat verib, onlar üçün həyata keçirmək istədiyi genişmiqyaslı planlarından danışıb.

Özünün də onlardan biri olduğunu, seçiciləri narahat edən məsələlərə dərindən bələd olduğunu deyən N.Ələsgərova regionun iqitisadi cəhətdən dirçəldilməsi, sosial həyatın canlandırılması və seçiciləri narahat edən problemlərin sürətli köklü həlli üçün var qüvvəsi ilə çalışacağını vəd edib.

Yeni namizədi artıq yeni deputat kimi gördüklərini bildirən seçicilər bi ziyarətlə onların qəlbində ümid işığı yandırdığını qeyd ediblər.

Scroll to Top