125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova xüsusi imtiyazlı ailələrdən olan seçicilərini evlərində ziyarət edir. N.Ələsgərovanın ziyarət etdiyi belə ailələrdən biri də II Qarabağ müharibəsində şəhid olan mayor Rüfət Əsgərovun ailəsi olub.
Görüşdə şəhidimizin atası Mürvət Əsgərov oğlunun vətəninə necə bağlı olduğundan, Qarabağ uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarından danışıb.
Deputatlığa namizəd N.Ələsgərova seçki platformasında şəhid ailələri ilə bağlı xüsusi bəndin olduğunu, seçiləcəyi təqdirdə bu kateqoriyadan olan insanların problemlərini mütəmadi öyrənəcəyini və aidiyyəti qurumların köməyi, eyni zamanda şəxsi əlaqələrindən istifadə edərək həllinə nail olacağını bildirib. N.Ələsgərova qeyd edib ki, artıq doğma torpaqlara, ata-baba yurdlarımıza qayıdış günü-gündən sürətlənir, təsərrüfatla məşğul olmaq istəyən şəhid ailələrinin pay torpaqları ilə təmin olunmasına, onlar üçün müvafiq qurumlardan hərtərəfli, zəruri dəstəyin alınmasına çalışacaq.
Şəhid atası Mürvət Əsgərov isə deputatlığa namizəd Nigar Ələsgərovaya seçkilərdə uğurlar arzulayıb, ona öz xeyir-duasını verib.